Yeznə qaynını evə görə öldürdü - oğlu intihar etdi

11 Fevral, 2019 15:50 | Hadisə | Baxış sayı: 154
Çəkiclə ölüm
Çəkiclə ölüm

Məhkəməyə yaxınlaşanda əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan mərhumun başına zərbələr endirib

Bakı Ağır Cinayətlər Məhkəməsində mənzilə görə qaynını öldürməkdə təqsirləndirilən Eldar Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib. 

İstiPress-in məlumatına görə, E.Məmmədov qaynı Mərkəz Quliyevi öldürməkdə ittiham edilir. Belə ki, M. Quliyev iki dəfə ailə həyatı qurub. Birinci evlilikdən bir oğlu olub, uşaq isə 12 yaşında xəstəlikdən vəfat edib. İkinci evliliyindən isə Pənah dünyaya gəlib. Pənahın 6 yaşı olanda Mərkəz Quliyev işləmək, pul qazanmaq üçün Rusiyaya gedib və daha geri qayıtmayıb. Bir müddət əvvəl isə Bakıda yeznesi Eldar Məmmədovun adına özü üçün mənzil alıb. E.Məmmədov daha sonra Mərkəzdən külli miqdarda borc pul alıb. 

M.Quliyev ölümündən bir neçə ay əvvəl Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Yeznəsi isə ona şərt qoyub: əgər ona olan borcunu tam silərsə, evi geri qaytaracaq. Mərkəz onunla razılaşıb və aprelin əvvəlində ikisi də sənədlərini götürərək Binəqədi rayon Məhkəməsinə yola düşüblər.  Məhkəmə binasına yaxınlaşanda Eldar Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan Mərkəz Quliyevin başından zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. E.Məmmədov yerdə uzanılı vəziyyətdə olan M.Quliyevə daha 9 zərbə endirib. Bundan sonra yaxındakı adamların köməkliyi ilə M.Quliyev xəstəxanaya yerləşdirilib. Aprelin 17-də M.Quliyev komadan ayılmayaraq vəfat edib. 

M.Quliyevin yeznəsi Eldarın adına aldığı mənzilin qiyməti təxminən 120-130 min manat olub. Qətlə görə məhkəmə prosesi baş tutmadığı üçün ev yenə də Eldarın adında qalıb. M.Quliyevin birinci oğlu vəfat etdiyi üçün Pənah yeganə varis elan olunub, bu dəfə isə ailəyə Pənahın 18 yaşı tamam olmadığı üçün ona vəkil tutmaq və bu yolla evi öz adına keçirməsi məsləhət görülüb. Lakin imtahan günü Pənahın intiharı bu işi də yarımçıq qoyub. M.Quliyevin ölümündən 1 ay sonra oğlu, 17 yaşlı Pənah Quliyev özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar etmişdi. P.Quliyev qəbul imtahanından çıxan gün özünü öldürüb və onun az bal yığdığı üçün canına qıydığı iddia edilirdi.