Azərbaycan sərhəddini pozmaq istədi, öldürüldü

11 Fevral, 2019 11:33 | Hadisə | Baxış sayı: 92
Sərhəddi yoxlayan əsgər
Sərhəddi yoxlayan əsgər

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb

Azərbaycan sərhəddini pozmaq istəyən şəxs zərərsizləşdirilib. Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, 11 fevral tarixində saat 00:10 radələrində Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran ərazisindən Azərbaycan istiqamətində hərəkət edən 1 nəfər naməlum şəxs müşahidə olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin həmin şəxs əmrə tabe olmayaraq İran istiqamətində geriyə doğru qaçıb.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində ölüb.

Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sərhədçilərinə hadisə barədə dərhal məlumat verilib.

Sərhəd pozucusunun üzərinə baxış zamanı Azərbaycan vətəndaşı, 1968-ci il təvəllüdlü Seyfullayev Zülfüqar Hüseynqulu oğluna məxsus  ümumvətəndaş pasportu, hadisə yerinə ilkin baxış zamanı isə 1 ədəd gecə görmə cihazı aşkar olunub.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.