Bakıda qəza: 2 polis öldü, 1-i yaralandı

10 Noyabr, 2017 13:58 | Hadisə | Baxış sayı: 263
Bakıda polisə məxsus FİAT avtomobilləri
Bakıda polisə məxsus FİAT avtomobilləri

Onlar posta növbəni təhvil almağa gedirmiş

Bu gün saat 07 radələrində Bakıda dəhşətli yol qəzası baş verib. 

İstiPress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus olan 90 AP 23 dövlət qeydiyyat nişanlı "FİAT Doblo" markalı xidməti avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Onlar Nardaran qəsəbəsində qurulmuş posta növbəni təhvil almağa gedirmiş.

Xidməti avtomobilin sükanı arxasında əslən Xocalı rayonu Kərkicahan qəsəbəsindən olan polis serjantı, 1982-ci il təvəllüdlü Kərimov Qoşqar Salman oğlu olub. O, qəza zamanı hadisə yerində vəfat edib. Digər polis əməkdaşı, 1987-ci ildə anadan olmuş Məmişov Elnur Eldar oğlu isə Buzovnadakı təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına çatdırılarkən vəfat edib.

Qəza nəticəsində ağır dərəcəli bədən xəsarətləri və kəllə-beyin travması almış polis əməkdaşı, 1985-ci il təvəllüdlü Vəliyev Kamal Aftandil oğlu 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.