18 yaşlı gənc əməlini tərgitmədi - FOTO

10 Avqust, 2017 14:47 | Hadisə | Baxış sayı: 231
Oğurluq
Oğurluq

Şabranda qızıl oğrusu həbs olundu

Şabran şəhər sakini, 18 yaşlı Zamin Nəzərəli oğlu Məlikov ona inanıb zamin duran ailə üzvlərini, hüquq-mühafizə orqanlarını aldadaraq yenidən oğurluq edib.

İstiPress-in şimal bürosu xəbər verir ki, avqustun 9-da Şabran polis şöbəsinin əməkdaşları onu Bakı şəhərində həbs edərək istintaqa təhvil veriblər. 2016-cı ilin noyabr ayında Şabran şəhərində bir neçə mənzildən oğurluq etdiyinə görə tutulan Zamin Məlikov yaşı az olduğuna görə məhkəmə qərarı ilə əfv olunaraq qardaşına zaminə verilmişdi.

Qardaşı ilə Bakı şəhərinə gələn Zamin Məlikov bu ilin aprel ayının 1-dən başlayaraq yenidən oğurluq etməyə başlayıb. Onun oğurluğunun üstü avqustun 8-də Adil Muxtarzadə adlı şəhər sakininin evindən qızıl-zinət əşyalarının oğurlanması barədə polisə müraciətindən sonra açılıb.

İlkin araşdırma nəticəsində Zamin Məlikovun bu il aprel ayının 1-də Anar Yusifovun, iyun ayının 1-də və 10-da Sadiq Səmədovun və Vüsal Abdullayevin də evindən qızıl-zinət əşyalarının oğurlanması məlum olub. Onun ilkin olaraq 4 oğurluq nəticəsində vətəndaşlara 5782 manat ziyan verməsi aydın olub.

Daha sonra o da məlum olub ki, Zamin Məlikov Şabran şəhəri də daxil olmaqla daha 3 evdən də qızıl əşyaları oğurlayıb ki, həmin sakinlər polis şöbəsinə müraciət etməyib. İndi yenidən oğurluq etməsini etiraf edən 18 yaşlı Zamin Məlikova daha güzəşt olmayacaq. Şabran polis şöbəsində onun barəsində cinayət işi açılıb. İslah olunmaq istəməyən Zaminə bu dəfə heç kim zamin durmayacaq, onun yolu indi birbaşa həbsxanadır. İstintaq onun digər oğurluqlarda iştirakının olub-olmamasını araşdırır.