İlham Əliyev işığa görə heç bir izahatı qəbul etmədi

10 İyul, 2018 09:17 | Hadisə | Baxış sayı: 318
İlham Əliyev Balakən SES-nın açılışında
İlham Əliyev Balakən SES-nın açılışında

"Bir qəza sistemin çökməsinə gətirib çıxarmamalıdır"

"Bir qəzaya görə bütün enerji sistemi çökməməlidir. Qəza ola bilər, qəzanın müxtəlif səbəbləri ola bilər. Hətta ən inkişaf etmiş ölkələrdə, şəhərlərdə belə qəzalar baş verir, böyük fəsadlara, insan itkisinə gətirib çıxarır. Biz bunu yaxın tarixdən bilirik. Onlarla insan belə hadisələrdə həlak olur. Ancaq bir lokal qəza ümumi sistemin çökməsinə gətirib çıxarmamalıdır. Bunun heç cür izahatı ola bilməz. Mən heç bir izahatı da qəbul etmirəm".

Prezident İlham Əliyev iyunun 3-də baş verən və ölkəni qaranlığa qərq edən qəza barədə danışarkən belə deyib. 

Dövlt başçısının sözlərinə görə, baş vermiş qəza, əlbəttə, onu göstərir ki, bizim enerji təsərrüfatında çox böyük problemlər, qüsurlar var.

O, bildirib ki, hadisə ilə bağlı yaradılan komissiya yaxın gələcəkdə öz rəyini verəcək. Eyni zamanda, Mingəçevirə ekspertlər qrupu ezam edilib. Onlar da öz sözünü deyəcəklər.

"Biz qəzanın səbəblərini tam dəqiqliyi ilə bilməliyik. Nə üçün bu qəza bütün enerji sistemimizi belə vəziyyətə qoyub?! Biz bunun cavabını alacağıq.

Ancaq ilkin məlumata görə, bunun səbəbi ondan ibarətdir ki, - mən, əlbəttə, komissiyanın rəyini qabaqlamaq, məhz buna görə bu məsələ ilə bağlı öz fikrimi bildirmək istəmirəm, - hətta son illər ərzində istifadəyə verilmiş stansiyalar da tam gücü ilə işləmir. Bunun səbəbi araşdırılmalıdır. Çox güman ki, bunların istismar dövründə səhvlər buraxılıb.

Biz vəsaiti ayırırıq, amma əsas məsələ ondadır ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin və elə bir sistem qurulsun ki, enerji dayanıqlılığı təmin olunsun".

Xatırladaq ki, iyulun 3-də, saat 00:20 radələrində “Azərbaycan” İES-in 330 kV-luq yarımstansiyasında qəza baş verib. Nəticədə ölkənin böyük hissəsi qaranlıqda qalıb. Baş vermiş 1 fazlı qısa qapanma 3 fazlı qısa qapanmaya çevrilib və ani olaraq Azərbaycan İES-də işdə olan 7 enerji bloku (1500 MVt güc) rele mühafizəsindən şəbəkədən açılıb.