Bakıda dayanacağa çırpılan avtomobil iki hissəyə parçalandı

10 İyun, 2019 19:57 | Hadisə | Baxış sayı: 90

Qəza nəticəsində sürücü ağır xəsarətlər alıb

Bu gün günorta saatlarında Qazax-Bakı avtomobil yolunun Qaradağ rayonunun Qobustan qəsəbəsindən keçən 450-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in "Virtualaz.org"un Şirvan bürosuna istinadən məlumatına görə, yüksək sürətlə hərəkət edən “Lada Priora” markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarındakı sürətə nəzarət radarının dirəyinə, sonra isə avtobus dayanacağına çırpılıb.

Hadisə baş verən zaman sürət o qədər böyük olub ki, zərbənin gücündən minik maşını iki hissəyə parçalanıb.

Qəza nəticəsində ağır xəsarətlər almış sürücü hadisə yerinə gəlmiş FHN xilasedicilərinin köməyi ilə çıxarılaraq, Bakı şəhərindəki 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. O, maşında tək olub.

Hadisə zamanı avtobus dayanacağında adam olmadığından xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.