FHN yanan məktəbi söndürməyə susuz getdi?

10 Mart, 2018 12:06 | Hadisə | Baxış sayı: 287
Yanğınsöndürənlər
Yanğınsöndürənlər

Qəbələdəki məktəb direktoruna xəbərdarlıq edilib ki...

FHN Qəbələdə su olmaması üzündən yanan məktəb barədə məlumat yayaıb. Qurumdan istiPress-ə verilən məlumata görə, mart ayının 6-da Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 14 km məsafədə yerləşən və çətin şəraitli yolu olan rayonun Laza kənd orta məktəbində yanğın baş verib.

Yanğın barədə ilk məlumat Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə mərkəzinə həmin gün saat 13:27 dəqiqədə daxil olub. Dərhal hadisə yerinə Qəbələ yaron Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq olaraq hər biri 6, 8 və 9 ton su və köpük əmələ gətirən məhlul ilə təchiz olunmuş 3 yanğınsöndürən avtomobili göndərilib. İlk yanğınsöndürmə avtomobili saat 13:55 dəqiqədə hadisə yerinə çatmış və dərhal yanğının söndürülməsi işlərinə başlanılıb. 

Çətin yol şəraitində 14 km məsafəni qət etmiş yanğınsöndürmə avtomobillərindən birinin su nasosunda yaranmış nasazlıq səbəbindən həmin avtoçəndən yanğın yerinə suyun verilməsi dayandırılıb. 

"Təəssüf hissi ilə qeyd edirik ki, bəzi sosial şəbəkələrdə düzgün olmayan məlumatların yayılması və baş verən hadisələrə başqa “don geyindirərək” görülən işlərə kölgə salınmasına cəhd olunub. Belə ki, yuxarıda qeyd olunduğu kimi, məktəbin binasında baş vermiş yanğın söndürülərkən yanğınsöndürmə avtomobillərindən birinin su nasosunda yaranmış nasazlıq səbəbindən həmin avtoçəndən yanğın yerinə suyun verilməsi prosesi dayanan zaman bəzi şəxslər hadisəni videogörüntüyə alaraq yanğınsöndürən avtomobillərin hadisə yerinə susuz gəlməsi fikrini aşılamağa çalışıb. FHN bir daha bildirir ki, Dövlət Yanğndan Mühafizə Xidmətinin yanğın texnikaları lazımi odsöndürücü vasitələrlə (su və köpük əmələ gətirən məhlul) tam təmin olunaraq döyüş hesabında saxlanılır. Heç bir halda döyüş hesabında olan yanğın texnikası hadisə yerinə susuz yürüş etmir.

Həmçinin qeyd olunmalıdır ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın təhlükəsizliyi sahəsindəki çoxsaylı pozuntularla bağlı həmin məktəbin rəhbərliyinə ötən illər ərzində dəfələrlə xəbərdarlıqlar edilib.  Bu il yanğından 3 gün əvvəl, məktəb direktoruna yanğın təhlükəsizliyi sahəsində inzibati xətaya yolverdiyi üçün 03 mart 2018-ci il tarixli 0000532 saylı protokol tərtib edilib".