FHN və ETSN itkin alpinistləri belə axtarır FOTO

10 Yanvar, 2018 09:15 | Hadisə | Baxış sayı: 274
Alpinistlərin axtarışı
Alpinistlərin axtarışı

Jurnalistlər axtarışların aparıldığı ərazidə

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar yanvarın 9-da axtarış-xilasetmə əməliyyatının aparıldığı ərazidə Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılan Əməliyyat Qərargahında əməliyyat müşavirəsi keçirilib. Qəragahdan İstiPress-ə verilən məlumata görə, müşavirədə alpinistlərin axtarışları ilə əlaqədar bugünədək görülən işlər təhlil olunmuş, növbəti günlərdə görüləcək işlər nəzərdən keçirilib.

Qeyd olunub ki, 27 dekabr 2017-ci il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə işlərinə başlanılıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərinə Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasediciləri, Mülki müdafiə qoşunlarının canlı qüvvəsi və müvafiq texnikası, Şimal Regional Mərkəzinin xilasediciləri, Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri və xüsusi təlim keçmiş itlər cəlb olunub. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr axtarışlarda iştirak edir. 

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2500-3000 m yüksəklikdə) çətin meteoroloji şəraitdə aparılır. 31 dekabr 2017-01 yanvar 2018-ci il tarixlərində hava şəraiti kəskin pisləşmiş - temperatur aşağı düşmüş, qar yağmışdır. İntensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. İtkin düşmüş alpinistlərin olduğu ehtimal edilən ərazilərdə qar qatının qalınlığı hazırda 8-12 metrə çatır. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə (xilasedicilərin təhlükəsizliyi təmin edilməklə), lakin fasiləsiz aparılır.

Əməliyyat müşavirəsindən sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilib. Axtarışların aparıldığı ərazi, əməliyyata cəlb olunan texnikalar və xilasetmə avadanlıqları, Əməliyyat Qərargahındakı iş şəraiti və xilasedicilərin istirahəti üçün yaradılan şəraitlə tanış olmaq üçün jurnalistlər axtarışların aparıldığı ərazidə olublar. 

Quba rayonda dağlıq ərazidə itkin düşmüş alpinistlər “Gilavar” idman klubunun üzvləridir. Bunlar 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadədir. Onlardan dekabr ayının 24-dən xəbər yoxdur.