Böyrək alverində günahlandırılan Azərbaycan klinikası

10 Yanvar, 2018 17:47 | Hadisə | Baxış sayı: 730
Moşe Harel həbs olunan zaman
Moşe Harel həbs olunan zaman

Amerika mətbuatı ciddi ittihamlar səsləndirib

Bakıda da klinikası olan “Medicus” tibb şəbəkəsi orqan ticarətində günahlandırılır və şəbəkənin aparıcı həkimlərindən biri olan israilli Moşe Harel Kiprdə tutulub.

İstiPress-in məlumatına görə, bu barədə “The Washington Post”da dərc edilmiş məqalədə deyilir ki, Harel Kosovonun paytaxtında “Medicus” klinikasında  həkim işləyib. Orda o, böyrək köçürməsinə ehtiyacı olan varlı israillilər üçün donor tapırmış. Bu zaman o, İsrailli pasientlərindən 80-100 min avroya qədər pul alırmış, böyrəyini satan donorlara isə 12 min avro ödəyirmiş.

Moşenin tutulmasına səbəb Türkiyə vətəndaşı Altun Yılmazın Priştina hava limanında huşunu itirməsi olub. Hava limanının polislərinin diqqətini onun qarnındakı yarıq cəlb edib, müayinədən sonra bir böyrəyinin olmadığı ortaya çıxıb. Altun böyrəyini “Medicus”da satdığını bildirib.

Bakıda "Medicus" Medical Center
Bakıda "Medicus" Medical Center

Araşdırma zamanı məlum olub ki, donorlar əsasən Türkiyədən və keçmiş sovet respublikalarından cəlb edilir. Avropa Birliyinin Kosovodakı hüquq-mühafizə missiyasının prokuroru Conatan Reytel hələ 2013-cü ildə bildirmişdi ki, “Medicus”ın dünyanın bir çox ölkələrində, o cümlədən Cənubi Afrikada və Azərbaycanda da klinikaları var.

Bakıda “Medicus” klinikası “İnşaatçılar” metrosunun arxasında yerləşir. Klinikanın “Facebook” səhifəsində əsasən böyürəyi və digər orqanları möhkəmləndirən təbii vasitələr təbliğ edilir, həmçinin müxtəlif analiz xidmətləri göstərildiyi vurğulanır. İstiPress-in “The Washington Post”da yazılanların doğru olub-olmaması ilə bağlı verdiyi suala klinikanın əməkdaşları cavab verə bilmədilər və rəhbərliyin yerində olmadğını bildirdilər, daha sonra zəng etməyi məsləhət gördülər.