Mehman Hüseynov sərbəst buraxıldı - YENİLƏNİR

10 Yanvar, 2017 16:34 | Hadisə | Baxış sayı: 621
Mehman Hüseynov- bloger
Mehman Hüseynov- bloger

Blogger 200 manat məbləğində cərimə olunub

Mehman Hüseynov 200 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıb. İstiPress-in məhkəmədə olan əməkdaşı xəbər verir ki, o, məhkəmə zalından çıxandan sonra mediaya açıqlama verib.

Mehman Hüseynov deyib: “Siz məni zorlaya bilərsiz, amma sındıra bilmərsiz. Maşına məni mindirib, gözlərimi bağlayıb, bilməmişəm məni aparırlar. Nəfəs ala bilmirdim. Ağzım qurumuşdu. Məni aparıb, başıma torba bağlayıb ayağımdan asdılar”.

Saat 16:16

Blogger Mehman Hüseynovun məhkəməsi başlayıb. İstiPress-in məhkəmədə olan əməkdaşı bu barədə məlumat verib. 

Saat 12:39

Blogger Mehman Hüseynova məhkəmə qərarı ilə nə qədər cəza veriləcəyi məlum olub. M.Hüseynovun vəkili Elçin Sadıqovun İstiPress-ə verdiyi məlumata görə, Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1 ci maddəsi - polisin qanuni əmrinə tabe olmamağa görə saxlanılıb. “Bu maddə ilə ittiham olunan şəxsə maksimum 30 sutka cəza verilir”, - E.Sadıqov bildirib. Məhkəmə prosesi hələ başlamayıb.

Saat 11:57

Dünəndən itkin düşən Mehman Hüseynov tapılıb. İstiPress-in məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, M.Hüseynov Nəsimi RPİ 22-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb və hazırda Nəsimi rayon məhkəməsindədir.

Vəkil bildirib ki, Mehman Hüseynov  İnzibati Xətalar Məcəlləsinin 535.1 ci maddəsi - polisin qanuni əmrinə tabe olmamağa görə saxlanılıb. 

Gənc blogger Mehman Hüseynovun naməlum şəraitdə yoxa çıxması barədə xəbərlər bu gecə yayılıb. Dostlarının sözlərinə görə, o, yaxın bir dostu ilə görüşmək üçün evdən çıxıb, ancaq görüş yerinə çatmayıb. Bundan sonra onun telefonlarına da zəng çatmayıb.

Bu barədə M.Hüseynovun yaxınları ərazi üzrə Nəsimi RPİ-nin 22-ci polis bölməsinə müraciət edib və onun itməsi barədə polisi məlumatlandırıb.