"Loti Quli" İstanbulda tutuldu - Azərbaycana qaytarılır

09 Oktyabr, 2018 09:10 | Hadisə | Baxış sayı: 194
"Loti Quli"
"Loti Quli"

Onun Türkiyədə oturub telekonfransla Rusiyadan xərac yığdığı iddia edilir

Bir il öncə həbsdən azad edilən azərbaycanlı "qanuni oğru" İstanbulda saxlanılıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, "Loti Quli" kimi tanınan Nadir Səlifov İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının ötən gün keçirdikləri əməliyyat nəticəsində yaxalanıb. 

"Qanuni oğru" adıçəkilən idarə tərəfindən uzun müddətdir izlənilib. Bir gün öncə "qanuni oğru"nun Türkiyədən telekonfrans ilə Rusiyada fəaliyyət göstərən iş adamlarından xərac toplaması, onları idarə etməsi  haqqında məlumat yayılmışdı. Mətbuatda yer alan məlumata görə, şübhəli şəxs Azərbaycana göndəriləcək. 

"Hürriyət"də yer alan məlumata görə, onun qardaşı Namiq Səlifov da 5 ay öncə Fransada Azərbaycandan olan miqrant Rahim Namazov və həyat yoldaşına qarşı təşkil edilən susi-qəsdin təşkilataçısı kimi axtarışdadır. 

Xatırladaq ki, Azərbaycanda 20 illik həbs cəzasını çəkmiş N.Səlifov Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdı. Azadlığa çıxdıqdan sonra N.Səlifov İstanbula yollanmışdı.

"Loti Quli"nin adı Türkiyədə ilk dəfə 2016-cı ilin avqust ayında "kabus" ləqəbli digər azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) İstanbualda qətlindən sonra gündəmə gəlmişdi.

Məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski 2016-cı ilin 16 avqust tarisində oteldən çıxarkən hücuma məruz qalıb. Onun olduğu cip atəşə tutulub. Nəticədə "qanuni oğru" ölüb, 2 cangüdəni isə yaralanamışdı.

Polis araşdımadan sonra bu qətlin 2013-cü ilin eyni tarixində işlənən başqa bir cinayətlə bağlı olduğunu müəyyən edib. Məlumata görə, Canıyevin qətli 3 il öncə hovuzda üzərkən qətlə yetirilən Əli Həmidovun öldürülməsinin intiqamı olub.

Ə.Həmidovun qətlini məhz Rövşənin sifariş verdiyi qeyd edilib. Hamidovun intiqamını isə 3 il sonra "Loti Quli" alıb.