Dəhşətli qəza - Bakıdan toya gedən 8 nəfər həlak oldu

09 İyul, 2019 11:09 | Hadisə | Baxış sayı: 351

Yük maşını mikroavtobusla toqquşub

Ələt-Astara magistral yolunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində “KamAZ” markalı yük maşını “Mersedes Vito” markalı mikroavtobusla toqquşub.

İstiPress-in məlumatına görə, hadisə nəticəsində 8 nəfər ölüb. 25 yaşlı bir nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qəzaya düşən şəxslər Lerik rayon sakinləri olub və hadisə onlar rayona gedərkən baş verib. Olanların hamısı qohum olublar və Bakıdan Lerikə toya gedirmişlər.

Dəhşətli qəzada ölənlərin adları məlum olub: 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, onun azyaşlı övladları - 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu; iki qardaş-2002-ci il təvəllüdlü Tağıyev Əlizahir Atalı oğlu, Tağıyev Rəşad Atalı oğlu, 2016-cı il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu, 1996-cı il təvəllüdlü Məmmədova Gültac Ələkbər qızı, onun qardaşı, 1997-ci il təvəllüdlü Məmmədov Elgün Ələkbər oğludur.

Ağır qəzada xəsarət alan iki nəfər isə 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı və 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızıdır. Hər iki şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir.

“KamAZ” markalı maşının sürücüsü, 1988-ci il təvəllüdlü Elvin Zeynalov qəzadan xəsarət almadan xilas ola bilib.