Azərbaycan sərhəddində gərginlik - dənizdə gərgin anlar

09 Mart, 2018 13:38 | Hadisə | Baxış sayı: 328
Sərhədi pozan qayıq
Sərhədi pozan qayıq

“Dayan” siqnalları verilib, hədəfə 250 metr məsafədə havaya xəbər­darlıq atəşi açılıb...

Azərbaycanın sərhəddində silah səsləri eşidilib. Dövlət Sərhəd Xidmətindən İstiPress-ə verilən məlumata görə, mart ayının 8-də gecə saat 01:25 radələrində Astara rayonu ərazisində DSX Sahil Müha­fizəsi tərəfindən naməlum üzmə vasitəsinin dövlət sərhədini pozaraq sərhəd su­­la­rımıza daxil olması haqqında məlumat daxil olub. 

Üzmə vasitələrinin hərəkətləri nəzarətdə saxlanılmaqla həmin istiqa­mətdə dövlət sərhədinin mühafizəsində olan sər­həd gözətçi gəmisinə müvafiq tapşı­rıqlar veril­miş, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöq­tələrdə xidmət təşkil olunub.

Açıq dənizə doğru 25 düyün sürətlə hərəkət edən üzmə vasitəsi sərhəd gözətçi gəmiləri və iti sürətli katerlər vasitəsilə təqib edilib, səs və sayrışan işıqlarla “Dayan” siqnalları verilib, hədəfə 250 metr məsafədə havaya xəbər­darlıq atəşi açılıb, gəmilərin manevrlərilə üzmə vasi­təsinin sürətinin azaldıl­masına nail olunub. 2 saat 5 dəqiqə müd­dətində təqibdən sonra üzmə va­sitəsi saxlanılmış və baxış keçirilib.   

Baxış zamanı dövlət sərhədimizi pozmuş “Yamaha 150” mühərrikli layner tipli üzmə vasitəsindəki şəxslərin İran İslam Respubikasının vətəndaşları – 1985-ci il təvəllüdlü Mehran Yusif Nicat Tağı oğlu və 1984-cü il təvəllüdlü Camzəmi İsmayıl Şahvildi oğlu olmaları müəyyən edilmiş, üzmə vasitəsində və sərhəd pozucularının üzərində 2 ədəd smartfon tipli telefon, 1 ədəd “GARMİN” tipli GPS qurğusu, 1 ədəd fənər, 1 ədəd bıçaq və 9 həb “Tramadol” dərman preparatı aşkar olunub.

Dövlət sərhədini pozmuş üzmə vasitələrinin saxlanılması üzrə keçirilmiş əməliyyat çərçivəsində sahilboyu ərazilərdəki qapadılma tədbirləri nəticəsində “Vel” sahil nəzarəti məntəqəsinin xidməti sahə­sində 7-ci yanalma körpüsünün yaxınlığında 3 bağlamada 74 ədəd 1 litrlik “Qubernator” arağı aşkar olun­ub.

İlkin araşdırma zamanı 2018-ci ilin 15 fevral tarixində Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sərhəd naryadları tərəfindən saxla­nılıb 39 ədəd bağlamada 450 ədəd 1 litrlik şüşə qablarda arağın və 20 şüşə “Baltika-9” pivəsinin də məhz bu cinayətkar qrup tərəfindən qeyri-qanuni olaraq dəniz yolu ilə ölkə əra­zisindən çıxarılmasına cəhd edilməsi müəyyən olunub.

Cinayətkar qrupun digər üzvlərinin tutulması istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir.