Yasamaldakı partlayışın səbəbi ehtiyatsızlıq olub - RƏSMİ

09 Yanvar, 2019 17:45 | Hadisə | Baxış sayı: 778
FHN yanğınsöndürənləri
FHN yanğınsöndürənləri

Üç nəfərin öldüyü partlayış nəticəsində evin bir divarı maşının üzərinə aşıb

Bu gün gecə saatlarında Yasamal rayonu, Tolstoy küçəsi, 40 ünvanında baş vermiş partlayışın səbəbi ehtiyatsızlıq olub.

İstiPress-in məlumatına görə, bu barədə Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilir ki, bir mərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə aparılan ilkin araşdırmalar zamanı buradakı hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi məlum olub.

“Çox güman ki, mənzildə qaz xətti açıq olub, bu da gecə vaxtı köhnə xətlərdən qazın sızmasına və partlayışa səbəb olub”, - məlumatda qeyd olunur.

Hazırda faktla bağlı araşdırma aparılır.

09:45

Bakıda evdə partlayış olub, bir ailənin üç üzvü ölüb. FHN-dən İstiPress-ə verilən məlumata görə, hadisə bu gün Yasamal rayonunda ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə qeydə alınıb. Partlayaışdan sonra yanğın başlayıb.

Partlayış dalğasının təsirindən evin çöl divarı bir tərəfinin daşıyıcı divarı həyətdə dayanmış "Tofaş" markalı avtomobilin üzərinə aşıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb.

Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib. Bitişik evlər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.