Binə yenə yanıb kül oldu

08 Oktyabr, 2019 08:59 | Hadisə | Baxış sayı: 303
Yanğınsöndürən
Yanğınsöndürən

Güclü alovla mübarizəyə 200-dən artıq yanğınsöndürən, 40-a yaxın texnika cəlb edilib

"Binə” ticarət mərkəzində gecə saatlarında yenə yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə gecə saatlarında  baş verib. 8 oktyabr 2019-ci il saat 00:41-də nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. 

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib. 

Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub. Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

Hadisə yerində olan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib ki, “Binə” ticarət mərkəzində baş verən yanğın təxminən 2000-3000 kv.m sahəni əhatə edib. Onun sözlərinə görə, yanğının baş vermə səbəbi dəqiq bilinmir.