Tovuzda heyvan otaran gənclər minaya necə düşdülər? TƏFƏRRÜAT

08 Avqust, 2018 09:28 | Hadisə | Baxış sayı: 63
Mina
Mina

"Yanına getdim, sol ayağı yox idi..."

Tovuz rayonunun Əlibəyli kəndində 2 nəfərin minaya düşməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. İstiPress-in "report"a istinadla verdiyi məlumata görə, hadisə zamanı onlar ərazidə heyvan otarırmış. 

Minaya düşən şəxs, 24 yaşlı Elşad Mehdiyev bildirib ki, həmin ərazidə dəfələrlə heyvanlarını otarıblar: "Biz minalı sahənin daha qabaqda olduğunu bilirdik. Lakin burada mina olduğunu düşünmürdük. Bir də gördüm Elgün aşağı dərədə nəsə gördüyünü deyib getdi. O, həmin cismə toxunan kimi partlayış baş verdi. Həmin vaxt huşumu itirmişəm, ayılanda yaralandığımı, Elgünün isə olmadığını gördüm. Daha sonra səsini eşitdim, kolluqda idi. Yanına getdim, sol ayağı yox idi, özü də qan içində kömək istəyirdi. Birtəhər götürüb yola çıxartdım. Köməyə gəldilər və xəstəxanaya apardılar. Mən ona həmin cismi qurdalama demişdim, amma mənə qulaq asmadı".

Tovuz Rayon Mərkəzi Xəstəxanasının həkimi Kəmaləddin Abbasov deyib ki, yaralılardan 14 yaşlı Elgün Hüseynovun vəziyyəti ağır olaraq qalır: "Hər iki yaralı əməliyyat edilib və lazımi tibbi yardım göstərilib. E.Hüseynovun sol ayağı amputasiya edilib, bədəninin müxtəlif yerlərində isə dərinə keçən qəlpə yaraları var. O, əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Digər yaralı E.Mehdiyevdə də müxtəlif dərəcəli bədən xəsarətləri var, ona da tibbi yardım göstərilib və palataya yerləşdirilib. Onun vəziyyəti isə orta-ağırdır". 

Xatırladaq ki, hadisə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıblar. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, həmin ərazidə müvafiq nişanlar quraşdırılıb və əhaliyə həmin ərazilərə keçməmək barədə xəbərdarlıq edilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.