Qubada itmiş 4 yaşlı uşağın qaçdığı yer

08 Avqust, 2018 18:58 | Hadisə | Baxış sayı: 247
Quba şəhəri
Quba şəhəri

Nabranda istirahətə gələn 4 yaşlı İsmayıl Novruzovun itkin düşməsindən sonra daha bir oxşar valideyn ehtiyatsızlığı Quba şəhərində baş verib.

İstiPress-in şimal bürosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şəhərdəki "Şahdağ" şadlıq sarayına  ailəsi ilə toya gələn 4 yaşlı oğlan uşağı itib. Başları qarışan valideynləri  uşağın yanlarında olmadığını görüb axtarsalar da tapa bilməyiblər və dərhal polis şöbəsinə məlumat veriblər.

Quba rayon polis şöbəsi əməkdaşları qısa vaxt ərzində 4 yaşlı uşağı şadlıq sarayının yaxınlığındakı parkın uşaq əyləncəsi yerində tapıblar və 40 dəqiqədən sonra 4 yaşlı adı açıqlanmayan uşaq Quba polis şöbəsində rayonun 1-ci Nügədi kənd sakini olan atası  Vüqar Şıxkərimova təhvil veriblər.

Uşağın valideyn nəzarətsizliyindən itdiyi vurğulanıb. Bu hadisə bir daha valideynlərin azyaşlılara qarşı daha diqqətli olmalarını, ictimai yerlərdə onları xüsusi nəzarətdə saxlamalarını gündəmə gətirib. Polisə minnətdar olan ailə toy şənliyini unudaraq itirdikləri uşaqla evlərinə qayıdıblar.