Xalq artistinin cinayətkar gülləsinə qurban getmiş oğlu

07 Dekabr, 2018 17:18 | Hadisə | Baxış sayı: 308
Daşqın Turabov
Daşqın Turabov

56 yaşlı Daşqın. Bu gün Daşqının ad günüdür. İstiPress-in şimal bürosunun məlumatına görə, 1997-ci il mart ayının 10-dan 11-ə keçən gecə slahlı insidentin qurbanı olan Daşqın Turabov unudulmaz xalq artistimiz, əbədi "Gəray bəy"imiz, xalq artisti Həsənağa Turabovun böyük oğlu idi.

Siyəzən  polis şöbəsinin baş əməliyyat müvəkkili işləyərkən silahlı cinayətkar Əlişir Tağıyevin tutulması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Əlişirin atdığı atəşlərin qurbanı olub. Dərhal çoxsaylı güllə yarası alan Daşqın Turabov təxminən 40 dəqiqə yaşayıb, həkimlərin səyinə baxmayaraq "həkim, məni sağalt"- desə də çox yaşaya bilməyib, gözlərini əbədi yumub.

Daşqın Turabovun bacısı Sevinc Turabova deyir ki, "atam Həsənağa Turabov onun faciəli ölümünə dözə bilmədi, 2003-cü il fevral ayının 23-də ürək xəstəliyindən vəfat edən atam"Daşqın" deyə-deyə həyatdan köçdü, dözəmmədi onu itirməyimizə."

Daşqın Turabov ölümündən sonra Heydər Əliyevin fərmanı ilə "İgidliyə görə" medalı ilə təltif olunub, Siyəzəndə polis şöbəsinin yerləşdiyi küçəyə adı verilib. Xatirəsinə 1998-ci ildə polis şöbəsinin həyətində büstü də qoyulub. Amma bir müddətdən sonra büst yerindən götürülərək anbara atılıb. İstiPress-in şimal bürosunun müdaxiləsindən sonra Siyəzən polis şöbəsinin rəisi Valik Vəlimətov büstü anbardan çıxartdıraraq təmizlədib və xidməti otaqların birinə qoydurub.

Həmin vaxtdan büstün yerinə qoyulacağı məsələsi gündəmdə olsa da Daşqın Turabovun büstü hələ də yerinə qoyulmayıb. Onun yaxın silahdaşlarından, hazırda DİN-in vəzifəli şəxslərindən olan polis həmkarı büstün yerinə bərpa ediləcəyinə yenə söz verdi. Adının açıqlanmasını istəməyən həmin polis məmuru büstün 2019-cu ilin yanvar ayında bərpa edilməsinin planlaşdırıldığını deyib.

Sevinc Turabova onu da bildirdi ki, qardaşı xidməti vəzifəsini yerinə yetirərkən həlak olub və bu gün 56 yaşı tamam olur. Ad gününə qədər büstün bərpa edilmədiyinə təəssüf etdiyini söyləyən Sevinc Turabova bunun üçün yenə xahiş etdi: "Ramil Usubovdan xahiş edirəm, birbaşa daxili işlər nazirimizdən xahiş edirəm ki,qardaşımın büstünün yerinə qoyulması məsələsini birbaşa şəxsən öz nəzarətinə götürsün".  
 

Daşqın Turabov
Daşqın Turabov
Daşqın Turabov iş yoldaşı ilə birlikdə
Daşqın Turabov iş yoldaşı ilə birlikdə