Qobudan gələn şagird dolu avtobus qəzaya düşdü

07 Dekabr, 2018 12:25 | Hadisə | Baxış sayı: 60
Yaralı
Yaralı

Avtobus 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunubmuş

Bakıda içərisində şagirdlər olan avtobus qəzaya düşüb. Qəza  səhər saatlarında Qobu qəsəbəsindən şəhər istiqamətinə gələn yolda baş verib. Yol-nəqliyyat hadisəsi nəticəsində 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.

Qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldıqları üçün təcili xəstəxanaya yerləşdiriliblər. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "virtualaz"az verilən məlumata görə, yaralılar Tibbi Klinik Mərkəzə yerləşdirilib, onların həyatı üçün təhlükə yoxdur.

İlkin məlumata əsasən, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, idarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.

İdarə hadisə ilə bağlı araşdırma aparır.