Bakıda əməliyyatdan sonra ölən qıza görə cinayət işi açıldı

07 Dekabr, 2017 12:49 | Hadisə | Baxış sayı: 200
Əməliyyat
Əməliyyat

Əməliyyat “Grand Hospital”da olub

Bakı şəhər prokurorluğu “Grand Hospital” tibb mərkəzindəki əməliyyatdan sonra baş vermiş ölüm hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. İstiPress-ə verilən məlumata görə, noyabrın 30-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Grand Hospital” tibb mərkəzində 1997-ci il təvəllüdlü Mirzəyeva Ayşən Müşviq qızı üzərində keçirilmiş əməliyyatdan sonra vəziyyəti ağırlaşaraq koma vəziyyətinə düşüb və dekabrın 5-də vəfat edib.

Bununla bağlı daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.Mirzəyevanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertiza təyin edilib.

Hazırda iş üzrə Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssislərinin iştirakı ilə müvafiq araşdırmalar davam etdirilir.