Bakıda nənəsini öldürən nəvə saxlanıldı

07 Noyabr, 2018 18:43 | Hadisə | Baxış sayı: 82
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

Yaşlı qadını bıçaqladıqdan sonra evi yandırıb

Nəsimi rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

İstiPress-ə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan verilən məlumata görə, noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş vermiş yanğın saat 09:30 radələrində söndürüldükdən sonra həmin evdə yaşamış, 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü Eldar Əfəndiyev tərəfindən tamah niyyəti ilə törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir.