Gürcüstanda azərbaycanlı ər-arvadı vəhşicəsinə öldürdülər YENİLƏNİB

07 İyun, 2019 17:19 | Hadisə | Baxış sayı: 293
Gürcü polisi
Gürcü polisi

Üzləri parçalanan cütlüyü qohumları da çətin tanıya bilib

Gürcüstanın Qardabani rayonunda xüsusi amansızlıqla qətlə yetirilən ər-arvadın kimliyi məlum olub. Həmin şəxslər rayonun Aşağı Kəpənəkçi kənd sakinləri İskəndər Musayev və Şəfiqə Musayevadır.

Hadisənin təfərrüatı barədə hələ ətraflı məlumat verilmir.

Gürcüstanın Daxili İşlər Nazirliyində xüsusi amansızlıqla qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb. Cinayəti törədən şəxs və ya şəxsləri 16 ildən 20 ilədək, yaxud ömürlük həbs cəzası gözləyir. 

Saat 14:45

Ötən gecə Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda orta yaşlarında olan azərbaycanlı ər-arvad qətlə yetirilib. Hər iki şəxs küt alətlə xüsusi amansızlıqla öldürülüb.

Ər-arvadın sifət nahiyələri tanınmaz hala salındığından qohumları onları tanımaqda çətinlik çəkiblər.

Azərbaycanlı ər-arvadın Qardabanidə kiçik biznesinin olduğu bildirilir. Onların oğlu Rusiyada yaşayır.

Qətli törədən şəxs, yaxud şəxslər evdən heç nə oğurlamayıblar. Qohumları iddia edirlər ki, qətlə səbəb intiqam olub, belə ki, evin divarında “Tez gəl, səninlə hesablaşaq!” sözləri yazılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. /report/