İnternetdə tanış olduğu qadının 20 minlik qızılını apardı

06 Oktyabr, 2018 09:59 | Hadisə | Baxış sayı: 65
Qızıl
Qızıl

İstintaqla onun 4 analoji cinayət əməlinin də üstü açılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə insanları dələduzluq yolu ilə aldadaraq sonradan onlara qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəxs yaxalanıb.

İstiPress-ə bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

DİN-in "102 — Zəng Mərkəzi"nə müraciət edən Bakı şəhər sakini olan qadın avqustun 26-da Nadir adlı şəxsin onu aldadaraq 20.000 manat dəyərində qızıl əşyalarını aldığını deyib.

Məlumatla əlaqədar dərhal Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən, özünü Nadir kimi təqdim edən Xırdalan şəhər sakini Arif Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, özünü Nadir kimi təqdim edən Arif Bayramov sosial şəbəkədə qızıl-zinət əşyaları satan qadınla əlaqə saxlayaraq paytaxt ərazisində bir neçə qızıl satışı dükanının olduğunu bildirib və onda olan qızılları almaq istədiyini bildirib. Qadın Gəncədə olduğunu deyərək qızılların əmisi vasitəsilə göndərəcəyinə razılaşıblar. Avqustun 26-da həmin şəxs paytaxt ərazisində qadının əmisi ilə görüşüb, onun avtomobilində qızıl əşyalarına baxaraq bəyənib və onların qaşlarını yoxlatdırmaq məqsədilə dükanda göstərmək istədiyini bildirib. Bunun üçün qadının əmisi ilə avtomobildən düşən saxtakar zərgər qızılları da götürərək aradan çıxıb.

İstintaqla həmçinin A.Bayramovun 4 analoji cinayət əməlinin də üstü açılıb.

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən A.Bayramovun başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102 — Zəng Mərkəzi"nə və ya Nərimanov Rayon Polis İdarəsinə müraciət edə bilərlər.



Read more: https://sputnik.az/incidents/20181005/417323927/internetde-tanis-olduqu-qadini-aldatdi.html