Azərbaycanın antiterror siyahısı yeniləndi

06 Oktyabr, 2018 15:33 | Hadisə | Baxış sayı: 78
Siyahı
Siyahı

Sanksiya tətbiq edəcək şəxslərin siyahısına yeni adlar və təşkilatlar əlavə edilib

Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının tərkibində fəaliyyət göstərən Maliyyə Monitorinq Xidməti sanksiya tətbiq edəcəyi şəxslərin siyahısını yeniləyib. İstiPress-in qurumun saytına istinadla verdiyi məlumata görə, siyahı “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Maliyyə Monitorinqi Xidməti BMT-nin Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin 23 avqust 2018-ci il tarixli qərarına uyğun olaraq yenilənib. 

Qeyd edək ki, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

“Qara siyahı”ya “Jama'a Nusrat ul-Islam wa al-Muslimin” (JNIM) təşkilatının adı salınıb. Bu təşkilatın “Əl-Qaidə” və digər terror təşkilatları ilə əlaqəsi olduğu bildirilir. JNIM-in öz fəaliyyətini Mali və Burkina-Fasoda həyata keçirdiyi bildirilir. 

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər.