Polis Zəhra Bağırzadəni oğurlayan şəxsi saxlayıb - VİDEO

06 İyun, 2019 16:13 | Hadisə | Baxış sayı: 294
Zəhra tapılandan sonra
Zəhra tapılandan sonra

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən məlumat verilib

Bakıda iki gün əvvəl itkin düşən və bu gün tapılan üç yaşlı Zəhra Bağırzadəni oğurlayan şəxs tutulub. 

İstiPress-in məlumatına görə, həmin şəxs Masallı rayonundandır və hazırda polis bölməsində saxlanılır.

13:50

Bakıda iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə tapılıb.

İstiPress-in məlumatına görə, bu barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən məlumat verilib. 

Paytaxtın Sabunçu rayonunda 3 yaşlı Zəhra Rəsul qızı Bağırova  iyunun 4-də evlərinin qarşısından yoxa çıxmışdı.

Qohumları azyaşlının qaraçılar tərəfindən qaçırılmasından şübhələnirdilər. Zəhranın dayısı Əminağa Hüseynov  Zəhranın danışığında qüsur olduğunu, təkbaşına uzağa gedə bilməyəcəyini deyib: "Zəhra o qədər mehriban uşaqdır ki, əlindən tutan, başını sığallayan adama qoşulub gedə bilər".

Bağırovlar ailəsi əslən Şirvan rayonundan olsa da, 18 ildir Sabunçuda yaşayırlar. Məhəllədə evlər az qala iç-içə yerləşir. Hadisə baş verən gün valideynlər və ailənin 20 yaşlı qızı işdə olublar, Zəhra evdə 11 yaşlı bacısı ilə birgə qalıb. Bacısı bir neçə dəqiqəliyə çölə çıxıb, qayıdanda Zəhranı evdə görməyib. Qohumları deyirdillər ki, Zəhranı sonuncu dəfə yaxınlıqdaki mağazanın satıcısı görüb.

"Evlə mağaza arasındakı məsafə təxminən 20-25 metrdir, Zəhra tez-tez həmin mağazaya şirniyyat almağa gedirmiş. Satıcı deyir ki, Zəhranı görüb, şirniyyat istəyirmiş, ona evə getməyi tapşırıb. Guya ki, uşaq sonradan tut yeməyə gedib, kimsə onu tut ağacının altında oynayarkən görüb. Amma kim, nə vaxt görüb, bəlli deyil", - Hüseynov danışıb.

Sosial şəbəkələrdə və mətbuatda Zəhranın yaşlı bir kişi tərəfindən qaçırıldığı iddia olunub, bunu əks etdirən fotoşəkil yayılıb. Amma dayısı deyir ki, həmin şəkildəki uşaq Zəhra deyil.