Azərbaycanlı deputat Türkiyədə taksidə soyuldu

06 Aprel, 2020 15:17 | Hadisə | Baxış sayı: 112
Deputat
Deputat

Millət vəkili pulu sürücünün götürdüyünü, qarşı tərəf isə 2 min lirəni onun özünün itirdiyini deyir

Azərbaycanlı millət vəkili Türkiyədə soyğunçu qurbanı olub. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, deputat Fəzail Ağamalı qızı və nəvəsi ilə bir müddət öncə Türkiyəyə, İstanbula səfər edib. O otelə getmək üçün taksiyə minib. Sürücü millət vəkilindən öncədən ödəniş etməsini istəyib. 

Millət vəkili polisdəki ifadəsində bildirib ki, sürücü öncədən ondan 25 lirə pul tələb edib. Cibindən pulu ödəmək üçün pulqabısını çıxaranda sürücü onun əlindəki pulları dartaraq alıb. "Niyə aldığını soruşanda isə 25 lira götürəcəyini dedi. Mən dərhal pulları ondan geri aldım. Ancaq bir müddət sonra şübhələndiyim üçün mənzilbaşına çatmamış taksidən düşdüm".

Ağamalı bundan sonra pulqabısını yoxladıqda  2 min lirəsinin olmadığını görüb. Azərbaycanlı məmurun şikayətindən sonra taksi sürücüsü tapılıb. 

Sürücü Selami T. millətvəkilinin onları Beşiktaşa aparması üçün 25 lirə təklif etdiyini deyib. Ona bu pulla heç kimin həmin istiqamətə getməyəcəyini dedikdən sonra ailə taksidən düşüb. Bundan sonra   o sağ ön oturacağın altında pul tapıb və pulu onlara təhvil verib. 

Sürücü həbs edilib. Onun yaxın günlərdə məhkəmə qarşısına çıxarılacağı gözlənilir. Gənc sürücü oğurluq faktı ilə bağlı 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.