Azərbaycanın ən təhlükəli killeri Moskvada tutuldu

05 Dekabr, 2018 13:47 | Hadisə | Baxış sayı: 138
Rusiya polisi
Rusiya polisi

İlya Şabanov “bankirlərin ştatlı qatili” adını alıb

Azərbaycanın axtarışda olan ən təhlükəli killeri Moskvada tutulub. Bu barədə “Mash” teleqram-kanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirir.

Məlumata görə həmin killer “iri bankirlərin ştatlı qatili” hesab olunur. Yaxalanma əməliyyatı Obruçev küçəsində həyata keçirilib. Mənbələr bildiriblər ki, söhbət İlya Şabanov adlı muzdlu qatildən gedir. Onun Azərbaycana ekstradisiyası gözlənilir, məsələyə hazırda baxılır.

Rusiya vətəndaşı olan İlya Şabanov 2012-ci ildən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

O, biznesmen Rauf Həsənovun qətlində iştirakda ittiham edilir. 2009-cu ilin oktyabrında Bakı sakini Rauf Həsənov “Nissan Teana” avtomobili ilə evindən çıxıb və geri qayıtmayıb. Noybarın 5-də həmin avtomobili Qubada yandırılmış halda tapıblar.

Əməliyyat-axtarış tədbirləri ilə həmin cinayətin iştirakçılarından biri, “Ayna” nəşriyyat evinin vitse-prezidenti Fərhad Süleymanov 2010-cu ilin fevralında Bakı aeroportundan ölkəni tərk etmək cəhdi zamanı tutulub. Evində və bağında aparılmış axtarış zamanı 1 İtaliya istehsalı olan bir tapança və 8 patron tapılıb.

İstintaq prosesində F.Süleymanov cinayətin digər iştirakçılarını da açıqlayıb, habelə etiraf edib ki, killerə “Makarov” tapançasını o verib. Müəyyən olunub ki, Rauf Həsənovla Moskvada yaşayan Mustafa Aslanov arasında birgə kommersiya sövdələşməsindən əldə olunan 5 milyon dolların bölüşdürülməsi məsələsinə görə münaqişə yaranıb.

M.Aslanov R.Həsənovu öldürmək qərarına gəlib. İlya Şabanov F.Süleymanovla birlikdə R.Həsənovla görüşüb. Daha sonra onu bağ evinə apararaq güllələyib.

İzi itirmək üçün onlar cəsədi Samur-Abşeron kanalına atıblar, F.Süleymanov isə R.Həsənovun avtomobilini Quba rayonuna apararaq yandırıb.

Bu cinayət işi üzrə F.Süleymanov 14 il həbs cəzası alıb.