Taksi sürücüsünü meşəyə çağırıb boğazını kəsdi

05 İyul, 2019 15:58 | Hadisə | Baxış sayı: 237
Qanlı bıçaq
Qanlı bıçaq

3 dəfə həbsdə olan gənc aralarında olan məsələni çürütmək istədiyini deyib

Xaçmazın Xudat şəhərində bıçaqlanma hadisəsi baş verib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Xudat şəhər sakini, 36 yaşlı Elman Dərya oğlu Qasımov 4-cü şöbə adlanan ərazinin meşə massivində boğaz və sinə nahiyəsindən 6 bıçaq zərbəsi alıb.

Yaralı dərhal öz avtomobili ilə özünü Xudat şəhər xəstəxanasına çatdırıb. İlk tibbi yardımdan sonra yaralı təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb.

Əldə etdiyimiz məlumata görə, Xaçmaz polis şöbəsinin əməkdaşları hadisəni törədən şəxsi isti izlərlə yaxalayıblar. Bu, Köhnə Xudat kənd sakini, 27 yaşlı Məharət Səxavət oğlu Qafarovdur. Əvvəllər 3 dəfə həbsdə olan Məharət Qafarov taksi sürücüsü işləyən Elman Qasımovla şəxsi zəmində mübahisə etdiyi, onu aralarında olan məsələni çürütmək üçün meşə ərazisinə çağıraraq ona ağır bıçaq xəsarəti yetirdiyi deyilir.

Faktı Xaçmaz polis şöbəsi araşdırır.