Narkoplantator iş başında yaxalandı

05 İyul, 2018 16:16 | Hadisə | Baxış sayı: 153

Qusar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, iyulun 4-də Qusar rayon polis şöbəsinin Həzrə polis bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qusar rayonunun Zuxul kəndinin ərazisində olan meşəlik ərazidə həmin kənd sakini İskəndər Sərkərovu iş başında yaxalayıblar.

Belə ki, adı şəkilən şəxs həmin ərazidə xüsusi aqrotexniki qaydada qulluq etdiyi narkotik xassəli çətənə - Kannabis bitkilərinə qulluq edən zaman saxlanılıb. Hal şahidlərinin iştirakı ilə sahəyə baxış zamanı oradan hündürlüyü 16-65 sm olan kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolları aşkar edərək götürülüb.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub, narkotik bitkilərin yaş çəkisinin 1000 qr olması barədə rəy verilib.
Dindirilmə zamanı həmin şəxs meşəlik ərazidə insan sıxlığının olmadığından narkotik vasitələri orada əkib becərdiyini və şəxsi istifadəsi üçün qulluq etdiyini bildirib.

​Faktla bağlı araşdırmalar aparılır.