Qızmış buğa ər və arvadı buynuzlayıb öldürdü

05 İyun, 2019 11:51 | Hadisə | Baxış sayı: 289

Qabırğaları və körpücük sümükləri çox yerdən sınıb, daxili orqanları zədələnərək partlayıb

Xaçmazın Qaradağlı kəndində yerləşən fermada kişvə qadın meyiti tapılıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, bunu səhər saatlarında fermaya gələn obyekt sahibi Tərlan Əliyev görüb.

Fermanın həyətində burada malabaxan işləyən və birgə yaşayan - 50 yaşlı Zümrüd Ağasultan qızı Ağamalıyevanın və 53 yaşlı Məqub Telman oğlu Cəlilovun meyitlərinin tapılması barədə rayonun hüquq-mühafizə orqanları məlumatlandırılıb. Hadisə yerinə gələn prokurorluq və polis əməkdaşları, tibbi ekspert meyitlərin və hadisə yerinin müayinəsini aparıblar.

Aparılan ekspertiza nəticəsində mərhumların üzərində xeyli xəsarət və sınıqlar aşkarlanıb. Onların bədənində qabırğaların və körpücük sümüklərinin çox saylı sınıqları, daxili orqanlarının zədələnərək partlaması müşahidə olunub. Mərhumları burada 50 baş mal-qaranın içərisində saxlanan azğınlaşmış buğanın vurduğu, onun zərbəsindən öldükləri ehtimal edilir.

Xaçmaz rayon prokurorluğunda iki nəfərin ölüm faktına görə araşdırma başlanılıb. Təyin edilmiş tibbi ekspertizanın rəyi və aparılacaq istintaq tədbirləri ölümlərin səbəbini müəyyən edəcək.