Bakıda süpürgəçi qadınlara xüsusi geyim verildi

05 Aprel, 2018 15:46 | Hadisə | Baxış sayı: 170
Süpürgəçilərə xüsusi jilet verildi
Süpürgəçilərə xüsusi jilet verildi

Bu gün Suraxanı Rayon İcra Hakimiyyətində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Suraxanı Rayon DYP Şöbəsi əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

İstiPress-in məlumatına görə, tədbirdə rayon ərazisində fəaliyyət göstərən 100-ə yaxın kommunal-təsərrüfat birliyi işçilərinə xüsusi jiletlər təqdim olunub. Həmin jiletlər şəhərin küçələrində kommunal-təsərrüfat işləri ilə məşğul olan, küçələri süpürən və təmizləyən işçilər üçün nəzərdə tutulub.

Təxminən 500-ə yaxın jilet Bakı şəhərini əhatə edən rayonlarda fəaliyyət göstərən təmizlik işçilərinə veriləcək. Jiletlərin işıqqaytarma funksiyası var. Həmçinin 3 rejimdə xüsusi batareya ilə işləyir.

Qeyd edək ki, keçən həftə aeroport yolunda süpürgəçi Cəmilə Salahova yol süpürərkən “KamAZ”la vurularaq ölüb.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov qeyd edib ki, yeni geyimlər DİN rəhbərliyinin sifarişi əsasında hazırlanıb: "Bakı şəhəri ərazisində təmizlik işləri aparan şəxslərin avtomobillə vurulması halları böyük narahatlıq doğurur. Buna görə də qabaqlayıcı tədbirlərin həyata keçirlməsi zəruriliyi yaranıb. Magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxslər üçün yeni geyimlər hazırlanıb. Bu gün təmizlik işləri aparan 500 nəfərə yeni geyimlər paylanılacaq. Bu geyimlərin əsas üstünlüyü üzərində xüsüsi işıq qaytarıcılarının olmasıdır. Həmin işıq qaytarıcıları sürücülərin diqqətini cəlb etmək və baş verə biləcək piyada vurulması hallarının qarşısının alınması üçün nəzərdə tutulub".