Goranboyda marketə hücum, ölü və yaralılar var YENİLƏNİB

05 Yanvar, 2018 13:05 | Hadisə | Baxış sayı: 239
Dava
Dava

Əslində nə baş verib? Polisdən rəsmi açıqlama

Goranboy rayon prokurorluğu və rayon Polis Şöbəsi rayondakı marketdə baş vermiş hadisə ilə bağlı rəsmi məlumat yayıb. Məlumata görə, yanvarın 4-də saat 21 radələrində Goranboy rayon sakinləri Rəvan İsmayılov və digərlərinin ictimai qaydanı kobud surətdə pozaraq rayonun Dəliməmmədli şəhəri ərazisində aralarında yaranmış mübahisə zəminində Elxan Həsənova, Fəxrəddin Məmmədova, Anar Hətəmiyə, Nicat Əliyevə və Zülfüqar Cabbarova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirməsi, nəticədə sonuncunun aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Prokurorluq və polis orqanları əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü R.İsmayılov tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayətin digər iştirakçılarının dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Saat 08:43

Goranboyda kütləvi dava olub. Hadisə zamanı ölən və yaralananlar olub. Yaralıladan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralılardan biri 1995-ci il təvəllüdlü Hətami Anar Azad oğludur. O, dava zamanı çoxsaylı bıçaq yarası alıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. A.Hətaminin vəziyyəti ağırdır. 

Dava zamanı bıçaq xəsarəti alan daha bir nəfər - Dəlməmmədli şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Əbili oğlu Cəbrayılov Abbas Səhhət adına Xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, dava Dəlməmmədlidəki marketlərdən birinə hücum zamanı baş verib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./Report/