Rusiyada güllələnən biznesmenin nəşi Azərbaycana gətirilir

04 Dekabr, 2018 16:57 | Hadisə | Baxış sayı: 161

Atışmada əli olduğu iddia edilən azərbaycanlı əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb

Rusiyanın Yamal-Nen Muxtar Vilayətinin Nadım şəhərində baş vermiş atışmada öldürülən biznesmen, sərbəst güləş üzrə məşqçilərin yaxın qohumu Aqşin Həsənovun cənazəsi Azərbaycana gətiriləcək.

İstiPress-in məlumatına görə, bu barədə “VKontakte” sosial şəbəkəsində mərhumun əmisi oğlu Yalçın Məmmədov yazıb.

“Bu gün qardaşımız Aqşinlə vida mərasimi keçiriləcək. Sizləri soyuqqanlı və laqeyd davranmamağa, qardaşımızın atasına dəstək olmaq üçün şəhər morquna gəlməyinizi xahiş edirəm”, - deyə Yalçın Məmmədov yazıb.

URA.ru saytının yazdığına görə, əslən Azərbaycandan olan biznesmen Aqşin Həsənovu öz vətənində dəfn edəcəklər.

Dekabrın 1-də Nadımda baş verən atışma zamanı yaralanan mərhum A.Həsənovun hər iki əmisi oğlu hazırda xəstəxanada mühafizə altındadır. Yaralılardan biri - Yalçın Məmmədov artıq özünə gəlsə də, qardaşı Mais Məmmədov hələ də huşsuz vəziyyətdədir. Hər iki qardaş Yamal-Nendə yerləşən uşaq-gənclər idman məktəbində sərbəst güləş üzrə məşqçidir.

Yalçın Məmmədov müstəntiqin qadağasından öncə mətbuat nümayəndələri ilə əlaqə saxlayaraq onların üçünün də Axundov qardaşları tərəfindən güllələndiklərini deyib. Aqşin Həsənov başından aldığı güllə yarasından hadisə yerində keçinib. Mais başından və sinəsindən ağır yaralanıb, Yalçın qaçmağa cəhd göstərsə də, güllə ondan da yan keçməyib. O, döş qəfəsindən və qarnından xəsarət alıb.

Hadisə baş verən gün atışmada əli olduğu iddia edilən Qaraş Axundov əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb. Qətldə və iki nəfəri öldürməyə cəhddə ittiham edilən Q.Axundov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.