Xaçmazda qayınana ilə dalaşan gəlin ərini öldürdü

04 İyul, 2018 08:50 | Hadisə | Baxış sayı: 317
Qətl
Qətl

Kişi dava edən anası ilə həyat yoldaşını ayırmaq istəyib

Xaçmazın Xudat şəhərində "qaraçılar" kimi tanınan məhəllədə qətl hadisəsis baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, Şəhriyar küçəsindəki evlərin birində 30 yaşlı Vüsalə Tahir qızı Mirzəyeva qeyri -rəsmi yaşadığı həyat yoldaşı, həmyaşıdı olan Maarif Tofiq oğlu Osmanovu öldürüb. Qadın ərinin ürək nahiyəsinə bir bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

Mərhumun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb, tibbi ekspertizadan keçirilib.

Hadisə yeri rayon prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunub. Xaçmaz rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının apardığı birgə intensiv tədbirlər nəticəsində əlini həyat yoldaşının qanına bulaşmış Vüsalə Mirzəyeva saxlanılıb və müdafiəçinin iştirakı ilə dindirilib. 30 yaşlı qadın törətdiyi əməli etiraf edib.

Əldə etdiyimiz məlumata görə, qətl ailə münaqişəsi zəminində baş verib. Əlində bıçaq qaynanası ilə mübahisə edən Vüsalə bıçağı onları ayırmaq istəyən həyat yoldaşının ürəyinə sancıb. Hadisənin yeganə şahidi də Maarifin anasıdır.

Xaçmaz rayon prokurorluğunda ər qatili olan Vüsalə Mirzəyeva barəsində  CM-nin 120.1-qəsdən adam öldürmə maddəsilə cinayət işi açılıb. İstintaq gənc qadının hansı səbəbdən bu qanlı olayı törətməsinə tam aydınlıq gətirəcək.