Dəhşətli qəzada ölən qadınların kimliyi bilindi

03 Noyabr, 2019 11:53 | Hadisə | Baxış sayı: 259
Qəzaya düşmüş "Lada Kalina"
Qəzaya düşmüş "Lada Kalina"

Digər iki qadın - nənə və nəvə qəzadan salamat qurtula biliblər

Noyabrın 1-də axşam saat 21 radələrində Bakı-Quba yolunun 79 -cu km-də - Siyəzən rayonu ərazisində baş verən ağır yol qəzasında ölən 2 qadın sərnişinin kimliyi bəlli olub.

İstiPress-in şimal bürosunun məlumatına görə, "Lada Kalina" markalı avtomobilin sol yan hissədən eyni istiqamətə gedən "Mersedes" markalı avtomaşına çırpılması nəticəsində iki sürücü - Xaçmaz sakini, 40 yaşlı Hüseyn İsmayılov və yaşıdı, Binəqədi rayon sakini Səbuhi Quliyev və iki qadın sərnişin yerindəcə ölmüşdülər.

Ölən qadınların şəxsiyyəti təxminən 1 gündən sonra məlum olub. Qəzada dünyasını dəyişən Xaçmaz sakinləri, 32 yaşlı Bahar Nəzərova və 35 yaşlı Günay Vəliyeva "Lada"nın sərnişinləri olub. "Mersedes"də olan 2 qadın sərnişin - Xaçmazın Qarabağlı kənd sakinləri olan nənə və nəvə - 61 yaşlı Mehriban və Sevgi Vəliyevalar qəzadan salamat qurtula biliblər. Onlar Siyəzən regional müalicə dioqnostika mərkəzinə çatdırılıblar.

Dəhşətli qəza hadisəsini DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində CM-nin 263.3 maddəsilə cinayət işi açılıb.