Qoruq mühafizəçilərinə atəş açan şəxs saxlanıldı

03 Oktyabr, 2018 17:29 | Hadisə | Baxış sayı: 26
Ov tüfəngi
Ov tüfəngi

Ov tüfəngindən iki dəfə atəş açıb müxtəlif dərəcəli bədən xəsarətləri yetirib

Oktyabrın 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğundan qoruq əməkdaşlarının reyd zamanı ərazidə qanunsuz ov edən şəxs tərəfindən ov silahı ilə atəş açılması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə daxil olmuş material Masallı rayon prokurorluğunda araşdırılıb.

İstiPress-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən verilən məlumata görə, araşdırmalarla qeyd edilən tarixdə saat 02 radələrində qoruq ərazisində qanunsuz ov edən rayon sakini İlqar Səmədovun qoruğun mühafizəçiləri Böyükkişi Qaraşov və Ariz Cəfərovun qanuni göstərişlərinə məhəl qoymayıb məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə ov tüfəngindən iki dəfə atəş açıb müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edildiyindən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilmiş və digər istintaq hərəkətləri aparılıb.

İ.Səmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.