Şübhəlini təqib edən polis maşını ağır qəza törətdi - 2 ölü

03 Yanvar, 2017 23:29 | Hadisə | Baxış sayı: 67
Şübhəlini təqib edən polis maşını ağır qəza törətdi
Şübhəlini təqib edən polis maşını ağır qəza törətdi

Onlar qız qaçırılan avtomobili təqib edirmiş

Türkiyənin Aydın şəhərinin Nazilli qəsəbəsində polis maşını ağır qəza törədib. Polis əməkdaşlarının "Dayan" tələbinə tabe olmayan avtomobil sonradan təqib edilib. Ancaq təqib faciəvi sonluqla başa çatıb.

İstiPress "CNN Türk"ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Aydın-Dənizli avtomobil yolunda baş verib. Məlumata görə, qız qaçırılması xəbəri ilə "həyəcan" vəziyyətinə gətirilən polis əməkdaşları patrul gəzintisi zamanı həmin şübhəli avtomobillə rastlaşıb. Ancaq həmin avtomobil polisi görən kimi qaçmağa başlayıb.

Təqib zamanı isə polislərin olduğu xidməti maşına yol qovşaqlarının birində qəfildən yanacaq daşıyan avtomobil çırpılıb. Hadisə barədə xilasedicilərə və polis xidmətinə məlumat verilib. Xidməti avtomobildə sıxılıb qalmış polis əməkdaşları Həsən Özdəmir və Yenər Aslan xəstəxanada həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Yol qəzası ilə bağlı istintaq araşdırmaları başlanılıb. Yanacaq daşıyan avtomobilin sürücüsü saxlanılıb.

Polislərin qəzaya uğramasına səbəb olan həmin şübhəli avtomobil isə digər polis nəfərlərinin keçirdiyi əməliyyat yolu ilə saxlanılıb.