Mikroavtobus qəzasında ölən 3-cü şəxsin kimliyi hələ bəlli deyil

01 Oktyabr, 2018 12:59 | Hadisə | Baxış sayı: 148
Qəzaya düşmüş mikroavtobus
Qəzaya düşmüş mikroavtobus

İlkin səbəb kimi hər iki sürücünün təqsirli olduğu deyilir

Sentyabrın son günündə Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində dünyasını dəyişən 3-cü şəxsin şəxsiyyəti hələ müəyyən edilməyib. 

İstiPress-in şimal bürosunun əldə etdiyi məlumata görə, adının Lyuba olduğu deyilən rus mənşəli qadının Bakıda heç bir qohumu yoxdur, tək yaşayırmış. Onun şəxsiyyətinin tam müəyyənləşdirilməsi üçün Sumqayıt şəhərinin hüquq-mühafizə orqanları əməliyyat tədbirlərini davam etdirirlər.

Hadisə Abşeron rayon sakini, 45 yaşlı Qabil Qəməd oğlu Məmmədovun idarə etdiyi "Mersedes"markalı yük avtomaşını ilə Qubadlı sakini, bu gün 39 yaşı tamam olan Rövşən Həsənovun idarə etdiyi "Mersedes"markalı mikroavtobusun toqquşması nəticəsində baş verib. 

Qeyd edək ki, dəhşətli qəzada 3 nəfər - mikroavtobusun sürücüsü Rövşən Teyyub oğlu Həsənov və sərnişin, 63 yaşlı Bakı sakini Raisa Dmitri qızı Rzayeva və adının Lyuba olduğu ehtimal edilən qadın ölüb.

Qəzaya ilkin səbəb kimi hər iki sürücünün təqsirli olduğu deyilir. Yük avtomobili manevri düzgün tənzimləməyib və avtobus sürücüsü isə nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib.

Faktla bağlı DİN-in İstintaq və Təhqiqat İdarəsinin yol nəqliyyat hadisələrinə dair istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb. Qəzanın tam səbəbini təyin ediləcək ekspertiza tam ayırd edəcək.